Pirallahı gəncləri Zirə Mədəniyyət Mərkəzi və Ekoparkda ekskursiyada olublar
Bakı, 25 oktyabr, AZƏRTAC
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə rayon gənclərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Ekoparka ekskursiyası təşkil edilib.
Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, gənclər Zirə Mədəniyyət Mərkəzinin Qalereya - yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, şahmat otağı, xarici dil kabinetləri, Moda studiya, gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış olublar.
Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları gənclərə Ekopark haqqında məlumat veriblər. Qeyd olunub ki, Ekopark xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50 min-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol və milyona yaxın çiçək və gül əkilib. Ekoparkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu Həyat abidəsi- “Ürək” tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Ekskursiyanın sonunda tədbir iştirakçıları “Zirə Cinema”da xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında filmə tamaşa ediblər.