Pirallahı rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir
Bakı, 9 dekabr (AZƏRTAC). Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ilin son 7 ayı ərzində rayonun bütün ərazisində mütəmadi olaraq genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir və bu işlər hazırda davam etdirilir. Görülən işlərin davamı olaraq Pirallahı qəsəbəsində növbəti ağacəkmə kampaniyası reallaşmışdır.
AZƏRTAC xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşəbbüsü və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların nümayəndələrinin, partiya fəallarının iştirakı ilə qəsəbənin giriş hissəsində, eləcə də Səməd Vurğun küçəsi boyunca 500 sərv və xan çinarı ağacları əkilmişdir. Ağacların suvarılması üçün əraziyə xüsusi su maşınları cəlb olunmuşdur. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidilmiş və suvarılmışdır. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınmışdır.
Ötən həftəsonu rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür.