Pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 21 dekabr, AZƏRTAC
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, avtomobilin yan qapılarının içində 150 qutu pirotexniki vasitə və 2 ədəd fişəng aşkar edilib.
“Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn digər iki Azərbaycan vətəndaşının idarə etdikləri avtomobillərdə isə pirotexniki vasitələrin avtomobilin hər dörd təkərinin içərisində gizlədildiyi məlum olub. Həmin avtomobillərdən birində 60 qutu, digərində 146 qutu pirotexniki vasitə aşkarlanıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.