CƏMİYYƏT
“Plan International”ın nümayəndəsi: COP29 olduqca iddialı konfransdır və onun nəticələrini səbirsizliklə gözləyirəm
Bakı, 11 noyabr, AZƏRTAC
Biz uşaq hüquqlarını dəstəkləyirik. COP29 tədbirinə böyük nümayəndə heyətimiz qatılıb. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da qarşıya qoyulan öhdəliyə, hərəkətə çağırış var.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn “Plan International” təşkilatının nümayəndəsi Fərəhşükri Əhməd Osman söyləyib.
“Düşünürəm ki, bu tədbirdə bir çox məsələlərə çağırışlar ediləcək. Bu, bir fürsətdir. Bundan sonra hökumətlərdən yalnız sənədləşmə deyil, hərəkətə keçmə öhdəliyi tələb ediləcək. COP29 olduqca iddialı konfransdır və mən onun nəticələrini səbirsizliklə gözləyirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-22-də Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Xatırladaq ki, Azərbaycan baza ili (1990-cı il) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.