Polis Akademiyasında “Heydər Əliyev və kitab” mövzusunda konfrans keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC, Məhərrəm Əlioğlu). Mayın 7-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və kitab” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Polis Akademiyasının Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin akademiyanın həyətindəki abidəsi önünə əklil qoymuşlar.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabların sərgisi ilə tanış olmuşlar.
Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan xalqının həyatında və tarixində çox mühüm rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ölkəmizin hər yerində yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün əsl məktəb olduğunu vurğulayan natiqlər Ümummilli Liderin hələ xüsusi xidmət orqanlarında işləyərkən Vətənə sevgisi ilə seçilən şəxsiyyət olduğunu diqqətə çatdırmışlar.
Konfransda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunmuşdur.
Sonra tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundova məruzə ilə çıxış etmiş, Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüşdür.
Qeyd edilmişdir ki, Heydər Əliyevin ilk xarici səfərlərinin əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizin reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, iqtisadiyyatımızı dirçəltmək idi. Ulu Öndər bütün bu məqsədlərə nail olmuş və hər səfərdən uğurla qayıtmışdır.
Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov Ümummilli Liderin çoxşaxəli siyasi fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir.
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar akademiyanın müdavimləri arasında keçirilmiş intellektual oyunlar üzrə turnirin qalibləri mükafatlandırılmışlar.