POLİS SEÇKİLƏR ZAMANI ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ QANUN ÇƏRÇİVƏSİNDƏ YERİNƏ YETİRƏCƏKDİR
Nazir qonaqlara DİN-in funksiyaları və vəzifələri, müstəqilliyimizin ilk illərində ölkədəki gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü, dövlət çevrilişi cəhdləri barədə ətraflı məlumat vermişdir. Xatırlatmışdır ki, 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində qanunsuz silahlı dəstələr ləğv edildi, ölkəmizdə sabitlik, əmin-amanlıq tam bərqərar oldu. Son on ildə ölkə əhalisinin sayı bir milyon nəfərədək artmasına baxmayaraq, ümumilikdə bütün cinayətlər 30 faiz azalmışdır.
Ramil Usubov bildirmişdir ki, əsas vəzifələrdən biri Avropa dəyərlərinə söykənən, dünya standartlarına cavab verən qanunların qəbul olunmasını, daxili işlər orqanlarının yeni demokratik prinsiplər əsasında, qanunlar çərçivəsində fəaliyyət göstərməsini, polis əməkdaşlarının dünyagörüşünün, peşəkar, fiziki, döyüş hazırlığının daha da artırılmasını təmin etməkdir. Bu məqsədlə Avropa Şurası ekspertlərinin iştirakı ilə ölkəmizdə müxtəlif seminarlar, treninqlər keçirilmiş, əməkdaşlarımız təcrübə mübadiləsi məqsədi ilə bir sıra ölkələrdə ezamiyyətdə olmuşlar.
Daxili işlər orqanlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlərə toxunan nazir son illər mütəşəkkil transmilli cinayətkarlığın yayılmasının qlobal xarakter almasını, onun ayrı-ayrı növlərindən, xüsusən terrorizmin hər cür təzahürlərindən və narkotik qaçaqmalçılığından ölkəmizin də hər zaman əziyyət çəkdiyini təəssüflə vurğulamışdır. Bildirilmişdir ki, son illər respublika ərazisində onlarca terrorçu tutularaq aidiyyəti ölkələrə ekstradisiya olunmuşdur.
Qarşıdan gələn parlament seçkilərinə toxunan general-polkovnik Ramil Usubov demişdir ki, bu sahədə polisin qarşısında duran əsas vəzifə ictimai asayişin, təhlükəsizliyin qorunmasıdır. İndiyədək səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 97 faizi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Daxili işlər orqanları əməkdaşları seçkilər zamanı üzərlərinə düşən məsul vəzifəni qanun çərçivəsində yerinə yetirəcəklər.
Stef Qoris rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Avropaya inteqrasiyasında maraqlı olduğunu bildirmiş, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə də xüsusi önəm verdiyini vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.