POLŞADA XÜSUSİ XİDMƏT ORQANLARI AGENTLƏRİNİN ADLARINI AÇIQLAYACAQLAR
Parlamentin aşağı palatası deputatlarının iyulun 21-də böyük səs çoxluğu ilə (lehinə 372, əleyhinə 44 səs) qəbul etdiyi bu qanun keçmiş kommunist xüsusi idarələrinin çuğullarını indiki hakimiyyət orqanlarından, KİV-lərdən, məhkəmələrdən, təhsıl ocaqlarından və sair qurumlardan uzaqlaşdırmaq tədbirlərini sərtləşdirir.
Qanunun təsir dairəsinə düşən bütün kateqoriyaların işçiləri onların xüsusi idarələrlə əməkdaşlıq edib-etmədiyini göstərən rəsmi sertifikat alacaqlar. Qanun özünün “təmizliyini” sübuta yetirməli olan adamların sayını indiki 27 min nəfərdən bir neçə yüz min nəfərədək artırır. Onların arasında diplomatlar, dövlət şirkətlərinin rəhbərləri, redaktorlar, jurnalistlər, məktəb direktorları və başqaları var.
Sertifikatı Milli Yaddaş İnstitutu verəcəkdir. Nasistlərin və kommunistlərin Polşa ərazisində törətdikləri cinayətlərin təhqiqi üçün 1998-ci ildə yaradılan bu qurum əvvəllər gizli polisə və digər xüsusi orqanlara məxsus olmuş arxivlərə malikdir. Sertifikatda göstərilsə ki, onun sahibi nə vaxtsa gizli polisin ştatdankənar agenti olub, bu, onun işdən çıxarılmasına əsas verəcəkdir.
“Azadlıq” radiosunun xəbərinə görə, Polşa Sol Demokratlar İttifaqının üzvləri yeni qanunun əleyhinədirlər. Onların fikrincə, bu qanun təqsirsizlik prezumpsiyası prinsipini pozur, yəni adı keçmiş kommunist xüsusi orqanlarının agenti kimi açıqlanacaq adam özünü, əslində, müdafiə edə bilməyəcəkdir.
Keçmiş sosialist bloku üzrə öz qonşuları Şərqi Almaniya və Çexiyadan fərqli olaraq, Polşa xüsusi orqanların arxivlərini son vaxtlaradək məxfilikdən çıxarmamışdır. Lakin Prezident Lex Kaçinski və Baş nazir, onun əkiz qardaşı Yaroslav Kaçinksi korrupsiyanın kökünü kəsməyi və bütün hakimiyyət qurumlarını keçmiş kommunistlərdən təmizləməyi öz fəaliyyətlərinin öncül istiqaməti elan etmişlər.
Yeni qanunu hələ parlamentin yuxarı palatası – Senat və Prezident təsdiqləməlidirlər. Lakin, icmalçıların fikrincə, burada heç bir gözlənilməz hadisə olmayacaqdır.