Polşada yaşayan azərbaycanlılar Ermənistanın təxribatlarına qarşı bəyanatla çıxış ediblər
Bakı, 3 oktyabr, AZƏRTAC
Polşada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-si səhər saat 6-da Azərbaycan Ordusunun mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutulması nəticəsində bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanatla çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Polşa Azərbaycan Evi və Polşa Azərbaycanlıları Assosiasiyası adından yayılan bəyanat bu ölkənin dövlət strukturlarına, beynəlxalq təşkilatlarının Varşavadakı nümayəndəliklərinə və yerli ictimaiyyətə ünvanlanıb. Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.
Bəyanatda vurğulanır ki, Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.
Bundan əlavə, qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” müvafiq qətnamələrinin qəbulundan təxminən 30 il ötməsinə baxmayaraq, bu sənədlər hələ də icra olunmayıb.
Polşada yaşayan soydaşlarımız və Azərbaycanın diaspor təşkilatları dünya birliyini Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycan işğal edilmiş ərazilərindən dərhal çıxması, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar.