CƏMİYYƏT
Praqadakı Azərbaycan Mədəniyyət Evində Heydər Əliyevin xatirəsi anılıb
Praqa, 13 dekabr, AZƏRTAC
Praqadakı Azərbaycan Mədəniyyət Evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əsasən mədəniyyət dünyasının nümayəndələrindən və Azərbaycan diasporunun fəallarından ibarət olan qonaqlar Azərbaycanın ənənəvi çay süfrəsi arxasında əyləşərək görkəmli siyasi xadim haqqında söhbət aparıblar.
“Bu insan təkcə müasir Azərbaycan dövlətinin siyasi lideri və memarı kimi deyil, həm də mədəniyyətimizi qoruyan bir insan kimi tarixə düşüb”, - Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şairə və dramaturq Leyla Begimin bu sözləri gecənin rəsmi hissəsinin başlanğıc nöqtəsi oldu. Daha sonra tədbir dünya liderlərinin və mədəniyyət xadimlərinin dünyaşöhrətli şəxsiyyət Heydər Əliyev haqqında sitatlardan ibarət videogörüntülərə baxılması ilə davam edib.
Tədbirdə, həmçinin Azərbaycan xalqının Ümummilli Liderinin nəvəsi, şairə, rəssam, ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya”sı səsləndirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa