PREZİDENT İLHAM ƏLİYEV BRÜSSELDƏ SİYASİ BRİFİNQDƏ İŞTİRAK ETMİŞDİR
“Avropa Birliyi və Azərbaycan – tərəfdaşlıq üçün yeni üsullar” mövzusuna həsr olunmuş diskussiyanı Avropa Siyasi Mərkəzinin rəhbəri Hans Martens açaraq bildirdi ki, diskussiyada Belçika Krallığının nüfuzlu siyasətçiləri iştirak edirlər və Azərbaycanın dövlət başçısının burada çıxış etməsi onlar üçün faydalı olacaqdır.
Prezident İlham Əliyev diskussiyada nitq söylədi.
Respublikamızın rəhbəri Azərbaycanda siyasi, iqtisadi, sosial və digər sahələrdə aparılan islahatlar və əldə olunan nailiyyətlər, neft strategiyası haqqında danışdı, enerji və nəqliyyat dəhlizlərinin Cənubi Qafqaz bölgəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizə dəyən maddi və mənəvi zərər, o cümlədən bir milyona yaxın vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında, Azərbaycanın Avropaya inteqrasiya olunması istiqamətində qurulmuş əməkdaşlıq və bu sahədə həyata keçirilən tədbirlər barəsində məlumat verdi.
Sonra dövlətimizin başçısı diskussiya iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışdır.
Siyasi brifinq barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır.