PREZİDENT İLHAM ƏLİYEV KÜVEYTİN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan nazir Küveytlə Azərbaycan arasında münasibətlərin günbəgün inkişaf etdiyini və ikitərəfli əlaqələrin yaxşı perspektivi olduğunu söylədi. Dünya mətbuatının Azərbaycanı tez-tez “Yeni Küveyt” adlandırdığını xatırladan cənab Məhəmməd əs-Sabah ölkəsinin rəhbərliyinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiyini bildirdi.
Xoş sözlərə görə nazirə təşəkkür edən Prezident İlham Əliyev dedi ki, biz Küveyt hökumətinin Azərbaycana müxtəlif sahələrdə göstərdiyi yardımları, habelə beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməsini yüksək qiymətləndiririk.
Şeyx Məhəmməd əs-Sabah bir daha vurğuladı ki, Küveyt Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işini həmişə müdafiə etmişdir və bu dəstəyi gələcəkdə də davam etdirəcəkdir.
Söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevi Küveyt rəhbərliyi adından öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.