PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ABDULLAH GÜLÜ QƏBUL ETMİŞDİR
Mehribanlıq və səmimiyyət şəraitində keçən görüşdə ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində atılan addımlar yüksək qiymətləndirildi və bu prosesin gələcəkdə də davam etdiriləcəyi xüsusi vurğulandı.
Cənab Abdullah Gül türk dünyasının böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu istiqamətdə qazanılmış uğurları yüksək dəyərləndirdiyini, həmin siyasətin davam etdirilməsindən məmnun olduğunu bildirdi.
Nazir Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu sahəsində görülən işləri, Türkiyə-Azərbaycan əlaqələrinin bütün istiqamətlərdə sürətlə inkişaf etməsini yüksək qiymətləndirdi.
Söhbət zamanı dost və qardaş ölkələrimizin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etməsinin, biri-birini dəstəkləməsinin xüsusi əhəmiyyəti olduğu vurğulandı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə fikir mübadiləsi edildi. Cənab Abdullah Gül bir daha xatırlatdı ki, Türkiyə bu məsələdə Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcəkdir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi diqqət mərkəzində oldu, nəzərdə tutulan işlərin normal şəraitdə getdiyi və uğurla başa çatacağı bildirildi.