RƏSMİ XRONİKA
PREZİDENT İLHAM ƏLİYEV VƏ BAŞ NAZİR KOSTAS KARAMANLİS MƏTBUAT ÜÇÜN BƏYANATLARLA ÇIXIŞ ETMİŞLƏR
Afina, 17 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kostas Karamanlis görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatlarla çıxış etmişlər.
Kostas Karamanlis dedi ki, Azərbaycan Yunanıstan üçün Qafqazda mühüm ölkədir və bizim çoxtərəfli əlaqələrimiz var. Yunanıstan Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlıq edir.
Prezident İlham Əliyev bildirdi ki, Yunanıstana səfərin nəticələri uğurludur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan-Yunanıstan əlaqələri dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Enerji sahəsində əməkdaşlığın da böyük əhəmiyyəti var. Yunanıstan Avropa İttifaqının üzvü olan ilk ölkədir ki, Azərbaycan qazı buraya birbaşa ixrac olunur. Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu bundan sonra da davam etdirəcəkdir.
Daha sonra jurnalistlərin suallarına cavab verildi.
######