PREZİDENT İLHAM ƏLİYEVİN QARŞIDAKI SƏFƏRİ FRANSADA BÖYÜK ƏKS-SƏDA DOĞURMUŞDUR
Fransa-Azərbaycan Ticarət Palatasının fəxri prezidenti SERJ BUADVE:
-Yanvar ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev Fransaya rəsmi səfərə gələcəkdir. Biz bu səfərdən çox böyük və müsbət nəticələr gözləyirik. Son dövrlərdə dünyanın tanınmış siyasətçisi və görkəmli dövlət xadimi Prezident Heydər Əliyev Fransaya bir neçə dəfə səfərlər etmiş, Fransa-Azərbaycan arasında hərtərəfli əlaqələrin möhkəm təməlini qoymuşdur. Biz belə hesab edirik ki, Prezident İlham Əliyevin hazırkı səfəri iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirəcək, Fransa-Azərbaycan münasibətlərinin bütün sahələrdə - siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrin yeni inkişafına səbəb olacaqdır.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Qafqazda həm strateji, həm də iqtisadi cəhətdən mühüm üstünlüyə malik olan Azərbaycan Fransa ilə hərtərəfli əlaqələrin inkişafında xüsusi rol oynayacaqdır.
Prezident İlham Əliyevin Parisdə yüksək səviyyədə görüşləri olacaqdır. Onun başçılıq etdiyi nümayəndə heyəti isə bir çox nazirlər üə işğüzar dairələr tərəfindən qəbul ediləcəkdir. Şəxsən mən, bu səfərdən və görüşlərdən böyük nəticələr gözləyirəm. Səfərin uğurlu keçəcəyinə, onun hər iki tərəf üçün səmərəli olacağına inanıram.
Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü senator xanım JOZET DÜRYE:
-Prezident seçildikdən sonra bu, Prezident İlham Əliyevin ilk rəsmi səfəridir. Mən prezident seçkilərində müşahidəçi kimi iştirak etmiş və Prezident İlham Əliyevin inamlı qələbəsinin şahidi olmuşam. Azərbaycanın demokratik yolla inkişaf etdirilməsi, iqtisadi cəhətdən qüdrətli bir ölkə kimi nəinki Avropada, eyni zamanda bütün dünyada tanınması sahəsində Prezident İlham Əliyevə ən xoş arzularımı bildirmək istəyirəm.
İnanıram ki, son dövrlərdə ölkənizdə baş verən nəzərəçarpacaq mühüm dəyişikliklər, keçirilən islahatlar, xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş qərar və fərmanlar çox yaxşı qarşılanacaq, müsbət qiymətini alacaq.
Mən belə hesab edirəm ki, Prezident İlham Əliyevin Fransaya səfəri çox gözəl inkişaf yolunda olan Fransa-Azərbaycan arasında əlaqələrin tərəqqisinə müsbət təsir edəcək, demokratik dövlət quran ölkənizin Fransada tanınması sahəsində mühüm addım olacaqdır. Bu yolda ölkənin demokratik inkişafı mühüm və əsas şərtdir.
Mən Prezident İlham Əliyevi AŞPA-dan yaxşı tanıyıram. Dəfələrlə sessiya zamanı məntiqi çıxışlarının şahidi olmuşam. Artıq Prezident İlham Əliyev dünyanın siyasət aləmində təcrübəsi, dünyagörüşü, idarəçilik keyfiyyətləri, bacarığı ilə tanınmışdır. Mən geniş və hərtərəfli erudisiyaya malik Prezident İlham Əliyevin rəhbərliyi sayəsində yaxın vaxtlarda Azərbaycanı varlı və qüdrətli bir ölkəyə çevirəcəyinə, işıqlı gələcəyə aparacağına, mühüm problem olan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edəcəyinə inanıram və Prezident İlham Əliyevə xoş gəldin deyirəm.
Fransa – Azərbaycan parlament dostluq qrupunun rəhbəri JAN-LUI DÜMON:
Prezident İlham Əliyevin səfəri mühüm əhəmiyyət daşıyır. Ona görə ki, bu səfər ölkələrimiz arasındakı iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi və formalaşması sahəsində mühüm əhəmiyyət kəsb edir, onlarla azərbaycanlı gəncin Fransanın tanınmış məşhur Universitetlərində təhsil almalarına hərtərəfli şərait yaradır.
Prezident İlham Əliyevin ölkəmizin başçısı cənab Jak Şirakla, rəsmi şəxslərlə və iş adamları ilə görüşlərinin yüksək səviyyədə keçməsini arzulayıram. Çünki, belə görüşlərin hər iki ölkəyə böyük xeyri vardır.
Biz fransızlar Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərini, rəhbərlik bacarığını yüksək qiymətləndiririk, İnanırıq ki, məhz, bunların sayəsində Prezident İlham Əliyev Azərbaycanı demokratik yolla inkişaf etdirəcək, qüdrətli, varlı ölkələr sırasına çıxaracaqdır.