Professor: Cəmiyyətin dayanıqlığı informasiya təhlükəsizliyinin əsas şərtidir
Bakı, 3 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Cəmiyyətin dayanıqlığı informasiya təhlükəsizliyinin əsas şərtidir. İnsanlar saxta xəbərləri, manipulyasiyanı, psixoloji təsir üsullarını tanımağı bacardıqda hibrid təhdidlərin təsiri xeyli azalır. Bu səbəbdən media savadlılığının artırılması, təhsil və maarifləndirmə proqramlarının gücləndirilməsi mühüm rol oynayır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti, ADA Universitetinin professoru Təbriz Raufoğlu deyib.
Onun sözlərinə görə, müstəqil və etibarlı media institutlarının inkişafı, sosial həmrəyliyin gücləndirilməsi, ictimai institutlara inamın artırılması hibrid əməliyyatlara qarşı cəmiyyət daxilində güclü müdafiə səddi yaradır.
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi bu istiqamətdə əhəmiyyətli addımdır. Layihə çərçivəsində 500-dən çox vətəndaşın iştirakı ilə maarifləndirmə tədbirləri, təlimlər və elmi araşdırmalar aparılıb. Təhlillər göstərir ki, hibrid təhdidlərin mürəkkəbliyi artdıqca cəmiyyətin informasiya bacarıqlarının artırılması həlledici amilə çevrilir”, - deyə ekspert vurğulayıb.
O bildirib ki, ümumilikdə hibrid təhdidlərə qarşı səmərəli mübarizə yalnız dövlətin deyil, həm də özəl sektorun, transmilli internet korporasiyalarının və ictimai institutların koordinasiyalı fəaliyyətini tələb edir: “Bu isə Azərbaycanın gələcək milli təhlükəsizlik sistemində kompleks və çoxsəviyyəli yanaşmanın zəruriliyini bir daha təsdiqləyir. Transmilli korporasiyalar və cəmiyyət birlikdə fəaliyyət göstərdikdə hibrid təhdidlərin təsirini minimuma endirmək mümkündür”
Müsahibənin tam variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.