SİYASƏT
Professor: Erməni diasporunun revanşizm isterikası fonunda fəaliyyəti güclənib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın adını müxtəlif beynəlxalq insan hüquqları təşkilatlarında, ədalət və cinayət məhkəmələrində hallandırmaq, hesabat və reytinqlərdə neqativ təqdim etmək, parlamentlərdə qərəzli qətnamələr qəbul etdirmək cəhdlərinin sayı-hesabı yoxdur. Qarabağın işğaldan azad edilməsindən sonra qlobal erməni diasporunun revanşizm isterikası fonunda bu fəaliyyət çoxsaylı istiqamətlərdə dəfələrlə güclənib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi sanksiyalarla bağlı lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda keçirilən dəyirmi masada söyləyib.
O bildirib ki, 2023-cü il aprelin 26-da ABŞ Konqresinin, əsasən erməni qrupuna aid olan bir qrup üzvü tərəfindən Azərbaycana qarşı sanksiya layihəsi təqdim edilib. Bu, iki ölkə arasındakı münasibətlər tarixində ilk belə hadisədir.
Tahirə Allahyarovanın sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan araşdırmalar bir daha sübut edir ki, xüsusilə son illər beynəlxalq insan hüquqları təşkilatlarında, məhkəmə və ədliyyə qurumlarında, parlamentlərdə, QHT-lərdə ermənilərin həm rəhbərlik, həm də işçi heyətdə şəbəkələşməsi olduqca geniş, qlobal miqyas alıb.