Professor Məsud Əfəndiyev: Azərbaycan elmində ən perspektivli innovasiya istiqaməti fənlərarası tədqiqatlardır VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev hesab edir ki, Azərbaycanın elmi inkişafında prioritet istiqamət fənlərarası tədqiqatların genişləndirilməsi olmalıdır. Onun sözlərinə görə, süni intellekt, riyaziyyatın tibb və biologiyaya tətbiqi, ekoloji problemlərin elmi həlli və “Ağıllı şəhər” konsepsiyası ölkənin innovasiya gündəliyində mühüm yer tutur.
Professor Məsud Əfəndiyev AZƏRTAC-a müsahibəsində Azərbaycan elmində perspektivli innovasiya istiqamətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər ölkənin elmi və texnoloji inkişafı üçün də yeni imkanlar yaradıb. Qarabağın bərpası və inkişafı prosesində “Ağıllı şəhər” konsepsiyasının tətbiqi, eləcə də innovativ elmi yanaşmaların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məsud Əfəndiyev qeyd edib ki, bu gün dünyada süni intellekt geniş müzakirə olunsa da, ona məqsəd deyil, elmi problemlərin həllində istifadə olunan mühüm alət kimi yanaşmaq lazımdır. Onun fikrincə, keçmişin elmi irsi, müasir texnologiyalar və gələcəyin innovativ həlləri vahid yanaşmada birləşdirilməlidir.
Professorun sözlərinə görə, Azərbaycan elminin perspektivli inkişaf istiqamətlərindən biri məhz fənlərarası tədqiqatlardır. Xüsusilə riyaziyyatın tibbə və biologiyaya tətbiqi yeni elmi imkanlar açır. O qeyd edib ki, riyaziyyatın fizika, mexanika və mühəndislikdə tətbiqi əsrlər boyu formalaşmış qanunlarla tənzimlənsə də, insan orqanizmində baş verən mürəkkəb proseslərin öyrənilməsi yeni metodoloji yanaşmalar tələb edir. Bu istiqamətdə aparılan araşdırmalar sağlamlığın qorunmasına və tibbin inkişafına mühüm töhfələr verə bilər.
Müsahibimiz ekoloji problemlərə də toxunaraq deyib ki, COP29-un Azərbaycanda keçirilməsi ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində yeni hədəflər müəyyənləşdirib. O, çirkab suların təmizlənməsi, su ehtiyatlarının qorunması, xüsusilə Xəzər dənizi ilə bağlı ekoloji məsələlərin elmi baxımdan prioritet istiqamətlərdən olduğunu qeyd edib.
Məsud Əfəndiyev vurğulayıb ki, Azərbaycanda elmin inkişafı üçün əlverişli mühit formalaşıb. Dövlətin elm və təhsilə göstərdiyi dəstək, həyata keçirilən dövlət proqramları və azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil almaları ölkənin elmi potensialını daha da gücləndirir.
Sonda Məsud Əfəndiyev elm və təhsilin inkişafına göstərilən diqqəti yüksək qiymətləndirərək, Azərbaycanın gələcək innovasiya uğurlarının məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olacağına əminliyini ifadə edib.