Professor Musa Qasımlı: Silahlı Qüvvələrimiz güvənc yeridir
Bakı, 26 iyun, AZƏRTAC
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü xalqımızın və dövlətimizin həyatında əlamətdar günlərdən biridir. Milli Ordumuzun yaranış günü olan bu bayramı xalqımız qalib olaraq qeyd edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı söyləyib. O bildirib ki, müharibədə qalib gələrək torpaqlarımızı işğaldan azad etmiş, xalqımızın bağrından çıxan silahlı qüvvələrimiz, ordumuz həm döyüş hazırlığı və bacarığı, həm də maddi-texniki təchizatı baxımından dünyanın ən qabaqcıl orduları cərgəsindədir: “Şübhəsiz ki, bu güc özü-özündən yaranmayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə qayğısı nəticəsində Silahlı Qüvvələrimiz ən müasir kazarmalar, texnologiyalar və texnikalarla təchiz edilib.
44 günlük Vətən müharibəsi zamanı xalqımıza qürur yaşadan, bir nəfər də fərarinin olmadığı Silahlı Qüvvələrimiz güvənc yeridir. Könüllü olaraq döyüşə atılan gənclərimiz dinc dövrdə də hərbi xidmətə toy-bayrama gedən kimi gedirlər”, - deyə professor Musa Qasımlı qeyd edib.