Professor Ziyadxan Əliyev NDU-nun müəllim və tələbələri üçün onlayn seminar keçib
Naxçıvan, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsinin müəllim və tələbələri üçün “Azərbaycan təsviri sənətinin naməlum səhifələri” mövzusunda onlayn seminar keçib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxışında bu cür tədbirlərin keçirilməsinin müəllim və tələbələrin təcrübi peşə bacarıqlarının formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu söyləyib.
Professor Ziyadxan Əliyev seminarda Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən dünya incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətindən danışıb. Ölkəmizin təsviri sənət tarixinə öz töhfəsini vermiş Bəhruz Kəngərli, Səttar Bəhlulzadə kimi görkəmli rəssamların əsərləri geniş təhlil edilib. Naxçıvanda professional rəssamlığın təşəkkülünün Bəhruz Kəngərlinin adı ilə bağlı olduğunu bildirən professor vurğulayıb ki, rəssamın əsərlərində dövrün koloriti, əsas mövzuları əksini tapıb. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir.
Ziyadxan Əliyev seminarda Azərbaycan memarlarının müəllifi olduğu türbələr, məscidlər və hamamlar üzərində boyalı kaşıdan işlənmiş ornament kompozisiyalarından da danışıb.
Seminar müəllim və tələbələrin sualları və müzakirələr şəklində davam edib.