Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat yayıb
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 16-da saat 20 radələrində Gəncədə şəhər sakini, 1950-ci il təvəllüdlü Mahir Quliyevin ailə-məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri - 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.