Prokurorluq orqanlarının əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 7 sentyabr, AZƏRTAC
Prokurorluq əməkdaşlarının mütərəqqi beynəlxalq təcrübəni öyrənmələri istiqamətində görülən işlər çərçivəsində əməkdaşların mühüm beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 31 avqust - 2 sentyabr tarixlərində videoformat rejimində Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyasının (UNCAC) İcrası üzrə Nəzarət Qrupunun 11-ci sessiyasının birinci bərpa olunan iclası və Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupun 11-ci sessiyası, habelə sentyabrın 2-4-də BMT-nin Baş Assambleyasının korrupsiyaya qarşı mübarizə üzrə Xüsusi sessiyasına (UNGASS 2021) hazırlıq məqsədilə UNCAC-a Tərəf Dövlətlərin 1-ci sessiyalararası görüşü keçirilib.
BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Avstraliya, Niderland, Meksika, Peru, Rusiya, Braziliya, Çin və Korrupsiya Əleyhinə Konvensiyaya (UNCAC) tərəf olan digər dövlətlərin təmsilçilərinin qatıldıqları birinci tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov, digər görüşdə isə idarənin rəis müavini İsfəndiyar Hacıyev, prokuror Kamil Kamilli, habelə Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Şahin Şahyarov iştirak ediblər.
Avqustun 31-dən sentyabrın 2-dək keçirilən tədbirdə UNCAC-ın İcrası üzrə Nəzarət Qrupunun 11-ci sessiyasının birinci bərpa olunan iclası zamanı korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər, eləcə də Konvensiyanın icra vəziyyəti ilə bağlı məlumat mübadiləsi aparılıb. Korrupsiyanın qarşısının alınması üzrə Açıq Hökumətlərarası İşçi Qrupun iclasında isə rüşvətxorluğa qarşı mübarizə üzrə əldə olunan müsbət təcrübə və təşəbbüslər mövzuları müzakirə olunub.
Sentyabrın 2-4-də keçirilən görüşdə BMT-nin UNGASS 2021 tədbiri ilə bağlı aparılmış işlər, COVID-19 pandemiyası zamanı korrupsiyanın qarşısının alınması üzrə Tərəf Dövlətlərin qarşılaşdığı çətinliklər, o cümlədən qəbul olunması planlaşdırılmış Siyasi Bəyannamə layihəsi ətrafında müzakirələr aparılıb.