PROQRAMIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Görüləcək işlər Bakı şəhərinə daxil olan bütün qəsəbələr üzrə ayrı-ayrılıqda hesablanmışdır. Aparılmış ilkin hesablamalara görə, Bakının ətraf qəsəbələri üzrə ümumi uzunluğu 350 kilometr olan müxtəlif diametrli boruların cəkilməsi, əsaslı təmiri və yeni qazpaylayıcı stansiyaların, qaztənzimləyici məntəqələrin qurulması nəzərdə tutulmuşdur.
Bakının qəsəbələrinin qaz təminatının yaxşılaşdırılması, onlardakı yeni yaşayış massivlərinin qaz təchizatı üzrə işlər iki mərhələdə - 2006-cı və 2007-ci illərdə həyata keçiriləcəkdir. Layihənin icrası 19 kəndi, 12 qəsəbəni əhatə edir və ümumilikdə 225 minə yaxın abunəçinin qaz təminatı yaxşılaşacaqdır. 37 kilometr magistral qaz kəmərinin çəkilməsi, 33 kilometr kəmərin qoruq zonasından çıxarılması, yeni salınmış yaşayış massivlərinin qaz təchizatı ilə əlaqədar infrastrukturun yaradılması üçün 29 kilometr kəmər çəkilməsi, 87 kilometr mövcud kəmərlərin əsaslı təmiri və yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 165 kilometr əlavə kəmərlərin inşası nəzərdə tutulmuşdur. Eyni zamanda, 1 ədəd yeni qazpaylayıcı stansiyanın tikilməsi, 2-nin yenidən qurulması, 2 ədəd yeni qaztənzimləyici məntəqənin tikilməsi nəzərdə tutulmuşdur.