QABİL İMAMVERDİYEV
Azərbaycan ədəbiyyatına ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev) 2007-ci il aprelin 4-də ömrünün 81-ci ilində vəfat etmişdir. Qabil 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur.
Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəb işçi və baş redaktor müavini vəzifələrində işləmişdir.
Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə, onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaratmışdır. Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlanan və müasir ədəbi prosesləri özündə əks etdirən, lirizmi və humanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən həmişə rəğbətlə, sevilə-sevilə oxunmuşdur. Onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir. Qabilin xalqımızın keçmişindən, bugünündən bəhs edən, böyük təsir gücünə malik olan, həyat həqiqətlərinin realist təsvirini verən və ciddi ictimai-əxlaqi problemlər qaldıran yaradıcılığı insanlarımıza vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərmişdir. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanmışdır.
Qabilin altmış ildən artıq ədəbi fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
Tanınmış şair, səmimi və qayğıkeş insan Qabilin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Əbülfəs Qarayev,
Anar Rzayev, Bəxtiyar Vahabzadə,
Balaş Azəroğlu, İsa Hüseynov,
Hüseyn Abbaszadə, Qılman İlkin,
Söhrab Tahir, Əkrəm Əylisli,
Fikrət Qoca, Çingiz Abdullayev,
Nəriman Həsənzadə
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2007-ci il aprelin 5-də saat 12.00-dan 15.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaqdır.
Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcəkdir.