Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Portuqaliya ilə oyunlara hazırlaşır
Bakı, 19 oktyabr, AZƏRTAC
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasını gərgin oyunlar gözləyir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həndbolçularımız 2023-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcək.
Demək olar ki, bütün diqqət həmin yarışa hazırlıq üzərində cəmləşib.
Çingiz Əzimovun rəhbərliyi ilə fəal sürətdə həyata keçirilən məşqlər əsasən taktiki-texniki istiqamətdə aparılır.
Xatırladaq ki, püşkatmanın nəticəsinə görə millimiz ilkin mərhələdə Portuqaliya komandası ilə qarşılaşacaq. Hər iki oyun rəqib meydanında keçiriləcək.
Görüşlər noyabrın 3-ü və 5-də Paredes şəhərinin “Multiusos de Paredes” arenasında təşkil olunacaq.