Qadını sevindirmək bəşəriyyəti sevindirməkdir
8 Mart - Beynəlxalq Qadınlar Günü bölgələrdə təntənəli şəkildə qeyd olunub
Ağsu, 7 mart, AZƏRTAC
Ağsuda 8 Mart - Beynəlxalq Qadınlar Günü təntənəli bayram tədbiri ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram süfrəsi arxasında təşkil edilən mərasimdə dövlət qulluğunda, təhsildə, sosial-iqtisadi və ictimai-mədəni həyatda fərqlənən 200 nəfərədək qadın iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə qadınlara göstərilən diqqətdən, qadın əməyinə verilən qiymətdən danışıb.
Əməkdar Müəllim adına yenicə layiq görülən Rəhilə Musayeva bildirib ki, Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olub, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr verib. “Qadını sevindirmək, qadını güldürmək bəşəriyyəti sevindirmək, bəşəriyyəti güldürməkdir”, - deyən R.Musayeva əməyinə verilən yüksək qiymət üçün Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirində bir qrup fəal qadına rayon icra hakimiyyətinin fəxri fərmanı, habelə bütün iştirakçılara qiymətli hədiyyələr verilib.
X X X
Ölkəmizdə dövlət-qadın siyasəti uğurla həyata keçirilir. Azərbaycan qadınının ictimai-siyasi, mədəni həyatımızda fəallığı durmadan artır. Təsadüfi deyil ki, bu gün İsmayıllı rayonunda da qadınlarımız istər dövlət qulluğunda, istər iqtisadi sahələrdə, istərsə də təhsildə və mədəniyyətdə nümunəvi fəaliyyətləri ilə tanınırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İsmayıllıda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar keçirilən təntənəli yığıncaqda səsləndirilib.
Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və başqaları bayram münasibətilə qadınları təbrik edib, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışıb, onların ictimai-mədəni həyatımızdakı rolunu yüksək dəyərləndiriblər.
Təntənəli yığıncaqda xalçaçı Ruhiyyə Süleymanovaya təltif olunduğu “Tərəqqi” medalı təqdim edilib. Bir qrup fəal qadına rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr verilib.
Bayram tədbiri musiqili ədəbi-bədii proqramla davam edib.
X X X
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, mənalı həyatı Azərbaycanda qadın əməyinin, qadın fədakarlığının, qadın vətənsevərliyinin bariz nümunəsidir. Azərbaycan qadını bu gün ana, vətəndaş, siyasətçi olaraq nümunə göstərilir. Onların səsi beynəlxalq təşkilatlardan, yüksək tribunalardan gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunlar barədə Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən təntənəli mərasimdə danışılıb.
Bayram tədbirində vurğulanıb ki, ölkəmizin hər yerində olduğu kimi, Kürdəmirdə də qadınlar dövlət qurumlarında, eləcə də digər sahələrdə təmsil olunurlar. Çıxış edənlər ölkəmizdə qadınlara göstərilən diqqət və qayğılara görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Təntənəli mərasimdə dövlətimizin başçısının Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı verilən Elmira Şıxəliyeva təbrik edilib, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
Konsert proqramı ilə davam edən mərasimdə anaların, qadınların şərəfinə şeirlər söylənilib, mahnılar oxunub.
X X X
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Qobustanda da bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva və başqaları bayram münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıblar.
Çıxışlarda qobustanlı qadınların bu gün rayon həyatında fəal qüvvə olduqları vurğulanıb.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan Zümrüd Şərifovaya “Tərəqqi” medalı təqdim edilib. Sonra bir qrup fəal qadına rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri verilib.
Bayram tədbiri konsert proqramı ilə davam edib.