Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu
Bakı, 22 sentyabr, AZƏRTAC
Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələrində əsas məqsəd insanın zahiri gözəlliyini və ya fiziki görünüşünü təsvir etmək deyil, müəyyən ideya və inancları əks etdirmək olub.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov səsləndirib.
O qeyd edib ki, Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələrində estetik görünüş əsas məqsəd olmayıb. Heykəllər müəyyən inanclarla bağlı ayinlərin tərkib hissəsi kimi istifadə edilib. Qədim dövrlərdə gildən hazırlanmış heykəlciklər daha çox animizm, magiya, əfsun, bolluq və məhsuldarlıqla bağlı inancları ifadə edib. Erkən orta əsrlərdə isə əcdad kultunun güclənməsi kişi heykəllərinin və monumental daş nümunələrinin meydana çıxmasına səbəb olub.
T.İbrahimov bildirib ki, bu dəyişiklik qədim albanların dini və dünyagörüşündə baş verən prosesləri də əks etdirir. Əcdadlarla bağlı ayinlərin genişlənməsi nəticəsində heykəllər nəsil və əcdad anlayışlarını ifadə edən simvollara çevrilib.
O vurğulayıb ki, Qafqaz Albaniyasının heykəltaraşlığını bütövlükdə qiymətləndirərkən bu nümunələrin yaradılma məqsədini nəzərə almaq vacibdir. Heykəllər, ilk növbədə, müəyyən inam və ideyaların ifadəsi olub və həmin inanclarla bağlı ayinlərdə istifadə edilib.