“QAFQAZ KUBOKU” NU AZƏRBAYCAN İDMANÇISI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Bakı Cıdır Meydanında Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi turniri kimi Azərbaycanda ilk dəfə olaraq keçirilən atçılıq idmanı üzrə “Qafqaz kuboku” uğrunda beynəlxalq konkur yarışlarının iştirakçıları yarışların baş mükafatı - “Qafqaz kuboku”na sahib olmaq uğrunda mübarizə aparmışlar.
Beynəlxalq turnirin ikinci günündə idmançılar iki gitdə qüvvələrini sınamışlar. Birinci gitdə mübarizəyə Azərbaycan və Gürcüstan atçılıq idman klublarını təmsil edən 12 idmançı qoşulmuşdur.
Gərgin idman mübarizəsi şəraitində keçən bu gitdə Azərbaycanın “Günay” Atçılıq İdman Klubunun təmsilçisi Seyid Musayev “Qrom” ləqəbli atla marşrutu cərimə xalsız qət edərək birinci yeri tutmuşdur. Bu gitdə yarışların qaydalarını pozduqlarına görə Gürcüstan təmsilçilərindən Georgi Toxadze,Tsotne Labaşya və Bakı Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin nümayəndəsi Etibar Xəlilov turnirdən kənarlaşdırılmışlar.
Beləliklə, ikinci gitdə 8 idmançı qalib adı uğrunda yarışmışdır. Son dərəcə gərgin və maraqlı idman mübarizəsi şəraitdə keçən bu gitdə “Qafqaz kuboku” Qran-pri yarışlarının qalibləri müəyyənləşmişdir.
İki gitin nəticələrinə görə Günay” Atçılıq İdman Klubunun üzvü Seyid Musayev “Qrom” ləqəbli atla marşrutu cəmi 4 cərimə xalı ilə başa vuraraq “Qafqaz kuboku” Qran-pri yarışlarının qalibi adını qazanmışdır. İkinci yer də “Rodriqo” ləqəbli atla yarışan Seyid Musayevə nəsib olmuşdur.
Gürcüstan idmançısı, Tbilisi ippodromunu təmsil edən Şalva Qaçaçeladze “Ekler” ləqəbli atla marşrutu 9 cərimə xalı ilə keçərək üçüncü yeri tutmuşdur.
“Günay” Atçılıq İdman Klubunun daha bir təmsilçisi - Ramiz Rzayev “Qrad” ləqəbli atla maneələri 11 cərimə xalı ilə dəf edərək dördüncü nəticə göstərmişdir.
Üç mərhələdən ibarət beynəlxalq turnirə oktyabrın 26-da yekun vurulacaqdır. Yarışların sonuncu günündə idmançılar maksimal hündürlüyü dəf etmək uğrunda mübarizə aparacaqlar. Həmin gün, eyni zamanda, beynəlxalq turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.