QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İraqın Samərra şəhərində - çoxsaylı insan tələfatına səbəb olmuş hadisədən – İmam Həsən Əsgəri məscidinin partladılmasından danışaraq, müsəlmanlar arasında nifaq salmağa yönəldilmiş ekstremist əməlləri kəskin şəkildə pisləmişdir.
A.Paşazadə demişdir: Hələ bir əvvəl ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşdə, parlamentdə və kütləvi informasiya vasitələrində çıxışlarımda mən dövlətləri millətlərə və məzhəblərə bölməyin və dini siyasiləşdirməyin yolverilməz olduğundan danışmışdır. Kimsə hadisələri xüsusi olaraq istiqamətləndirir - əvvəlcə karikaturalar dərc edilir, sonra da üç imamın əbədiyyətə qovuşduğu məscidi partladırlar. Belə hallar çox təhlükəlidir, dini dözümsüzlük qarşıdurmaya gətirib çıxara bilər.
Şeyxülislam hacı Allahşükür Paşazadə bütün müsəlmanları emosiyalara uymamağa, təmkinli olmağa çağıraraq Qafqaz Müsəlmanları İdarəsinin, Qazilər Şurası və Elmi-Dini Şuranın bəyanatını diqqətə çatdırdı. Bəyanatda deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Qafqaz müsəlmanları İraqın Samərra şəhərində İslamın müqəddəs ziyarətgahlarından sayılan İmam Həsən Əsgəri məscidində törədilmiş dəhşətli terror aktını qətiyyətlə pisləyir və bu cür ağlasığmaz cinayətə qarşı kəskin etirazlarını bildirirlər.
Həzrəti Peyğəmbərin (s) övladlarının adları ilə bağlı olan bu tarixi məsciddə törədilmiş faciə ancaq islamın düşmənlərini sevindirə bilər, çünki onların məqsədi müsəlmanlar arasında məzhəb ixtilafı salmaqla İslamı zəiflətmək, bütün dünyada müsəlmanları bir-birinə qarşı qoymaqdır.
Biz bu cinayətin dinlə heç bir əlaqəsi olmadığını və məkrli siyasi xarakter daşıdığını bəyan edərək bildiririk ki, demokratiya və insan azadlıqları böyük insan tələfatına gətirib çıxaracaq dini və milli zəmində təfriqə salmaq yolu ilə bərqərar edilə bilməz. Unudulmamalıdır ki, bütün bunlar, nəticə etibarilə, İslama qarşı yeni, daha dəhşətli təxribatlara səbəb ola bilər.
Biz İslama qarşı qərəzli və ardıcıl hücumların geniş vüsət aldığı indiki şəraitdə müsəlmanları süni şəkildə bir-birinə qarşı qoymağa, İslama daxildən zərbə vurmağa yönəlmiş kənar fitnələrə uymamağa, İslam düşmənlərinin əlində alətə çevrilməməyə, məzhəb ayrı-seçkiliyinə, milli-etnik separatçılığa yol verməməyə, parçalanmamağa, sıralarını daha sıx birləşdirərək təxribata həmrəyliklə cavab verməyə çağırırıq. Necə ki, Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulmuşdur: “Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmayın” (Ali-İmran, 103).
Sizi bir daha Allah yolunda birliyə və qardaşlığa dəvət edirik.
Allah köməyiniz olsun!”