QAFQAZIN QIRMIZI KİTABI HAZIRLANIR
Botanika İnstitutu direktorunun müavini, biologiya elmləri doktoru Validə Əlizadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, işçi qrupu müxtəlif bitkilərə və mövcud mənbələrdəki növlərin yayılmasına dair informasiyanı komplektləşdirərək, onları çöl ekspedisiyalarının nəticələri ilə tamamlayacaqdır. İşçi qrupları Missuri Botanika bağının əməkdaşları tərəfindən əlaqələndiriləcək, məlumat bazası isə QİS - analizlər aparmaq, mühafizənin öncül yerlərini və böhranlı sahələrini müəyyənləşdirmək üçün istifadə olunacaqdır. Bu, növ zənginliyini bərpa etməyə, (müəyyən əraziyə xas) nadir və endemik növləri xüsusi mühafizə üçün cəmləşdirməyə imkan verəcəkdir.
Azərbaycan botanikləri aşağıdakı vəzifələri yerinə yetirməyi nəzərdə tuturlar: Qırmızı siyahıya salınmış növlərin müəyyənləşdirilməsi prosesinin komplektləşdirilməsi və mühüm parametrlər üçün tematik kartların tərtibi; inventarizasiyaya ehtiyacı olan bəzi mühüm sahələrin ilkin siyahısının hazırlanması; məlumatı komplektləşdirmək üçün regionun müxtəlif bölgələrinə ekspedisiyaların təşkili və sair.
Validə Əlizadə demişdir: ”Zənnimizcə, layihə Qafqaza yönəlmiş səylərin fəallaşdırılmasına kömək etməklə yanaşı, bu regionda floranın qorunmasının öncül sahələrinin müəyyənləşdirilməsi prosesini sürətləndirmək üçün transsərhəd əməkdaşlığı baxımından çox vacibdir”.