“Qalib müəllim” müsabiqəsi davam edir
Bakı, 23 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış videomaterialları mayın 21-dək [email protected] elektron ünvanına göndərməlidirlər.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;
Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər. Video 2 dəqiqədən artıq olmamalıdır. İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 21-dək [email protected] elektron ünvanına göndərməlidir. Hər iştirakçı bir videohekayə göndərə bilər. Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda, qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər hədiyyələrlə mükafatlandırılacaq.