QALİNA VİŞNEVSKAYA ÜZEYİR MUSİQİ GÜNÜNDƏ ŞAGİRDLƏRİNİ TƏQDİM ETDİ
SSRİ xalq artisti Q.Vişnevskaya dedi: “Üzeyir Hacıbəyov zəmanəmizin Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoymuş dahi bəstəkarıdır. Onun musiqisini bu gün müxtəlif cür - məhəbbət məktəbi, tükənməz ilham mənbəyi adlandırırlar, lakin bütün bu təriflərin məna və məğzi Üzeyir Hacıbəyovun daxili aləminin əzəmətini təcəssüm etdirir”.
Qalina Vişnevskayanın sözlərinə görə, onun başçılıq etdiyi Opera İfaçılığı Mərkəzi gənclərin hazırlığına vaxt ayıra bilməyən və vaxt itirməməli olan teatrlar üçün mütəxəssislər hazırlayır. Teatrın səhnəsinə hazırlıqlı ifaçı kimi çıxmaq lazımdır və bu baxımdan Opera İfaçılığı Mərkəzi, bir növ, gənc istedadlar ocağıdır.
Mərkəzdə Azərbaycanın nümayəndələri hələlik yoxdur, lakin Q.Vişnevskaya gənc müğənnilərimizi dinləmiş və söz vermişdir ki, onların üçü (iki bariton və soprano) onun yanına oxumağa göndəriləcəkdir.
Konsertdə rus və xarici ölkə bəstəkarlarının operalarından ariya və səhnələr, habelə romanslar, rus xalq mahnıları səsləndi.
Azərbaycan Prezidenti İcra Aparatı humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər konsertdə olmuşlar.