QANLI YANVAR FACİƏSİNİN 14-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ
Azərbaycan Respublikasının Berlindəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Almaniya paytaxtında məskunlaşmış soydaşlarımızı birləşdirən Azərbaycan Cümhuriyyəti Federasiyası Qanlı Yanvara həsr olunmuş ənənəvi anma mərasimini keçirməyi gələn həftəyə planlaşdırmışdır. Bu gün yanvarın 20-də isə Hollandiyanın Den Haaqa şəhərində soydaşlarımızı birləşdirən Azərbaycan Kültür Cəmiyyəti, Almaniyanın Boxum Universitetində təhsil alan azərbaycanlı tələbələrin Akademik Birliyi, Nürnberq şəhərindəki Dostluq Cəmiyyəti, Köln şəhərində məskunlaşmış soydaşlarımız Qanlı Yanvar faciəsinin 14-cü ildönümü münasibətilə anma mərasimləri və yığıncaqlar keçirmiş, sovet qoşunlarının Azərbaycan paytaxtında törətdiyi qanlı terroru pisləmiş, faciənin vəhşiliklərini əks etdirən foto sərgilər nümayiş etdirmişlər.
Anma mərasimlərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqlarda və anma mərasimlərində qətiyyətlə səslənmişdir ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara dözmək, hətta şəhid vermək əzmini bütün dünyaya göstərmişdir.