Qanlı Yanvar xalqımızın şüurunda milli ruhun dirçəliş rəmzinə çevrilib
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı, Rusiyanın Azərbaycan Gəncləri Birliyinin (AMOR) dəstəyi ilə Rusiya Milli Kitabxanasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, mərasimdə Azərbaycanın diaspor fəalları, ziyalılar, azərbaycanlı tələbə və gənclər, Rusiya ictimaiyyətinin nümayəndələri və “Sekretnıye materialı” qəzetinin redaktoru Aleksandr Karpov iştirak edib.
Mərasimdə Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İştirakçıları salamlayan Baş konsul Elşad Qulamov 20 Yanvar faciəsinin siyasi səbəblərindən danışıb. O, çıxışında M.Qorbaçovun Dağlıq Qarabağı Azərbaycandan ayırmaq xülyası ilə yaşayan erməni işğalçılarına dəstək göstərdiyini, Azərbaycanın ərazi bütövlüyünə qarşı qərəzli siyasət həyata keçirdiyini qeyd edib. Diplomat Dağlıq Qarabağ ətrafında 1988-ci ildən cərəyan edən hadisələrə - azərbaycanlıların kütləvi şəkildə Ermənistandan zorla köçürülməsinə və sovet hakimiyyətinin biganəliyinə qarşı xalqımızın etiraz səsini ucaltdığını bildirib. E.Qulamov qeyd edib ki, 20 Yanvar faciəsinin ertəsi günü ölkəmizin Moskvadakı nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qətliamı kəskin pisləyib və dinc əhaliyə qarşı törədilmiş terror aktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Baş konsulun çıxışından sonra 20 Yanvar faciəsi mövzusunda “Qanlı yanvara aparan yol” adlı rus dilində sənədli film nümayiş etdirilib.
Filmdən sonra həmin günlərin canlı şahidləri olmuş tədbir iştirakçılarına söz verilib. “Smolnıy Universiteti” Elmi-Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Rusiya Yazıçılar İttifaqının üzvü, professor Yuriy Pompeyev, Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov, Azərbaycan Təhsil Mərkəzinin rəhbəri Həsən Mənsimov, “Vətən” İctimai Təşkilatının rəhbəri Məzahir Həsənov və Rusiyanın fəxri hüquqşünası Yuriy Soltanov çıxışlarında sovet hakimiyyətinin 1990-cı il yanvarın 20-də Azərbaycanda dinc əhaliyə qarşı misli görünməmiş terror aktı həyata keçirdiyini bildiriblər. Qeyd olunub ki, Qanlı Yanvar faciəsi xalqımızın qəlbində daim sızlayan yara olmaqla bərabər, eyni zamanda, milli ruhun dirçəliş rəmzinə çevrilib.
Tədbir iştirakçıları 20 Yanvar qətliamının Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayıblar.
Sonra AMOR-un Sankt-Peterburq üzrə bölməsinin fəal üzvü, tələbələr şurasının sədri, Kirov adına Hərbi-Tibbi Akademiyanın tələbəsi Mehdi Əlizadə Azərbaycan gəncləri adından çıxış edib. O, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirələrinin hər bir gəncimiz uçun əziz olduğunu vurğulayıb.
Smolniy İnstitutunun tələbəsi Ramin İbrahimov şəhidlərin xatirəsinə vətənpərvərlik mövzusunda şeir səsləndirib.
Sonda şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə 20 Yanvar faciəsi haqqında fotomateriallar da nümayiş etdirilib.