QANUNSUZ AKSİYA KEÇİRMƏK CƏHDİNİN QARŞISI ALINMIŞ, ASAYİŞİN KÜTLƏVİ ŞƏKİLDƏ POZULMASINA İMKAN VERİLMƏMİŞDİR
Müraciətə baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə yürüş-mitinqin paytaxtın mərkəzi hissəsində keçirilməsinə, onun yerinin dəyişdirilməsi formasında məhdudiyyət qoyulmuşdur. Bu barədə toplantının təşkilatçılarına rəsmi məlumat verilərək onlara başqa ərazilərdə beş yer təklif olunmuşdur. Habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək yürüş-mitinqin qarşısının alınacağı haqda onun təşkilatçılarına Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.
Lakin buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 23-də saat 16.00-dan başlayaraq radikal müxalifəti təmsil edən digər partiyaların nümayəndələri ilə birlikdə ümumi sayı 200 nəfərədək olan tərəfdarlarından ibarət kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən Nizami küçəsində, Səməd Vurğun adına Rus Dram Teatrının qarşısında və Nəriman Nərimanov adına kinoteatrın ətrafında toplaşaraq, metronun “28 May” stansiyası istiqamətində yürüş keçirməyə cəhd göstərmişlər.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınmış, asayişin kütləvi şəkildə pozulmasına imkan verilməmişdir.
Polisin qanuni tələblərinə tabe olmayan 15 nəfər saxlanılmışdır.
Fakt üzrə araşdırmalar aparılır.