Qanunsuz ov edənlərin hər biri 1000 manat cərimə olundu
Bakı, 9 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yanvarın 1-dən 8-dək respublika ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində qanunsuz ov edən paytaxt sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədovdan 3 ov tüfəngi, 10 patron götürülüb. Təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.
Binəqədi rayonu ərazisində keçirilmiş reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Yevlax rayonunun Xanabad kəndi ərazisində isə qanunsuz ov edən 3 naməlum şəxs saxlanılıb. Onlardan 3 ov tüfəngi, 3 patron və 2 ördək götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət edilib.
Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.