Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilmişdir
Bakı, 26 mart (AZƏRTAC ). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əlaqədar qurumları əməkdaşları “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirmişlər.
ETSN-dən AZƏRTAC-a verilən məlumata görə, Samux Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Goranboyun Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılmış və ondan 1 ov tüfəngi və 1 patron götürülmüşdür. Onun barəsində müvafiq akt və protokol tərtib edilmiş, inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur.
Qaxın Cəlayir kəndinin “Qovra” adlanan sahəsində qanunsuz ovla məşğul olan Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılmış, ondan 1 ov tüfəngi götürülmüşdür. C.Məmmədovun barəsində müvafiq akt və protokol tərtib olunmuş, o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir.
Şirvan Milli Parkının ərazisində isə qanunsuz ovla məşğul olan Salyanın Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanmışdır. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülmüşdür. S.Əkbərov barəsində akt və protokol tərtib edilmiş və o, 1000 manat məbləğində cərimə olunmuşdur.