QARABAĞIN YARALARI GEC SAĞALIR
Müəllif yazır ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Qərblə münasibətlər qurmuş və kommunizm irsindən azad olmaq üçün ciddi səylər göstərmişdir. Buna baxmayaraq, Dağlıq Qarabağ qırğınının vurduğu yaralar hələ də sağalmır.
1992-ci ildə Azərbaycan ilə Ermənistan arasında müharibə gedirdi. Lakin bu zaman dünya mətbuatının diqqəti Ruandadakı qırğına və Yuqoslaviyadakı müharibəyə cəlb olunmuşdu, halbuki Qafqazda münaqişə nəticəsində 30 min nəfər həlak olmuş, 100 minədək adam yaralanmış, təxminən 1 milyonadək insan qaçqına çevrilmişdi...
Müharibənin iştirakçılarından biri danışır ki, əslində, bizim ordumuz yox idi, silahlı dəstələrlə vuruşurduq. Sonra hakimiyyətə gələn Prezident Heydər Əliyev ordu quruculuğuna başladı. Tezliklə əsil nizami hərbi hissələr yaradıldı. Cənubda hücum zamanı 12 kənd azad olundu və üçgünlük döyüşdə düşmənin bütöv bir polku məhv edildi. Belə bir şəraitdə tərəflər atəşkəs haqqında razılığa gəldilər...
Məqalədə vurğulanır ki, qaçqınlar məsələsi indiyədək həll edilməmişdir. Azərbaycanın cənubunda yerləşən Saatlı rayonunda yük vaqonları sıralanmışdır. Bunlarda iki minədək qaçqın yaşayır. Hər yük vaqonunda iki ailə məskunlaşmışdır. Normal şəraitdən söhbət gedə bilməz. Qaçqınların hər biri un, düyü, qənd və günəbaxan yağından ibarət aylıq ərzaq payı alır. Bundan əlavə, onlara başqa ehtiyacları üçün otuz min manat verilir.
On min qaçqının yaşadığı düşərgələrdən birində də vəziyyət o qədər fərqlənmir. Üç böyük otaqdan ibarət evlərin birində yeddi nəfər yaşayır. Bəxti gətirən qaçqınlar ictimai mərkəzi və həkim məntəqəsi olan yerlərdə məskunlaşırlar. Mənzil şəraitinin kifayət qədər əlverişli olmasına baxmayaraq, hamıya məlumdur ki, söhbət orada müvəqqəti yaşamaqdan gedir...
Çoxları hesab edirlər ki, Qarabağda seçkilərin keçirilməsi xeyli kömək edərdi, lakin Azərbaycanla Ermənistanın indiki münasibətlərini nəzərə alsaq, bu, real deyildir. Qarabağ ərazisindən qovulan azərbaycanlılar seçkilərdə iştirak etsəydilər belə, ermənilər onlara nisbətən üçqat üstünlüyə malik olardılar. Bakının fikrincə, referendumda, yaşayış yerindən asılı olmayaraq, ölkənin bütün əhalisi iştirak etməlidir.
Azərbaycan indiyədək diplomatik səylərlə yanaşı, ordu quruculuğu ilə də məşğul olmuşdur. Bakıda yaşayan Qərbi Avropa diplomatlarından biri deyir ki, on min nəfərlik hərbi bölmələr tanklarda və səngərlərdə oturmuşdur, bəzən atışırlar. Nə qədər ki, insanlar bir-birini öldürür, müharibənin başa çatmasından söhbət gedə bilməz.