Qaranlığı nura boyayan elm fədaisi
Bakı, 7 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Ağıl, mətanət, mübarizlik, zəriflik, nəciblik, gözəllik, mərhəmət, humanizm və vətənpərvərlik... Bütün bunlar bir xanımın simasında cəmləşmişdi. Həmin şəxs görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva idi.
Öz dövrünün çətinliklərini yorulmadan keçən Zərifə xanım hər kəsin yaddaşında dərin bir iz buraxmışdı: kimisi onu peşəkar həkim, kimisi tələbkar pedaqoq, kimisi etibarlı dost, kimisi fədakar həyat yoldaşı, kimisi isə qayğıkeş ana kimi xatırlayırdı. Onu tanıyan hər kəs alicənablığına, təvazökarlığına vurğun idi. Qısacası, Zərifə xanım ətrafına şəfqət nuru saçır, dünyanı qaranlıq görənlər onun işığında aydınlanırdılar...
Zərifə xanımın həyat və yaradıcılıq fəaliyyəti Azərbaycan Tibb Universiteti, Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə sıx bağlı olub.

Görkəmli oftalmoloq-alimin 62 illik işıqlı ömrünün qısa təcəssümü
1923-cü il aprel ayının 28-də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlik peşəsinə kiçik yaşlarından böyük maraq göstərirdi. Zərifə xanımın uşaqlıq çağlarının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçib, daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1942-ci ildə Bakıda orta məktəbi bitirən Zərifə xanım elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1947-ci ildə institutu əla qiymətlərlə bitirib. Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya gedərək iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıdan Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda həkim-ordinator vəzifəsinə təyin edilib. O, 1950-ci ildə aspiranturaya daxil olub və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində çalışıb.
Ötən əsrin 30-40-cı illərində xalqımızı ölkəmizdə tüğyan edən traxoma xəstəliyindən xilas etmək üçün Zərifə xanım Əliyeva bütün gücünü səfərbər etmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi haqqında əməli tədbirlər planını inamla həyata keçirirdi. Ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı da məhz Zərifə xanım oldu. Kompleks şəkildə tətbiq edilən həmin müalicənin effektli nəticələri tezliklə özünü göstərdi. Traxomanın ləğvi yolunda yorulmaq bilmədən aparılan intensiv elmi axtarışlar, əldə edilən dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyası işinin dayaq nöqtəsini, ana xəttini təşkil etdi. O, “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını 1959-cu ildə müvəffəqiyyətlə müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü.
Dissertasiya müdafiəsindən sonra müsabiqə yolu ilə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilən Zərifə xanımın oftalmologiya ixtisası üzrə elmi işçi adı 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiqləndi.

Akademik Zərifə Əliyeva özündən sonra zəngin irs qoydu
1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratdı və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoydu. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş həmin laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.
Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva zəngin irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi.

O, mənə sadəcə ömür-gün yoldaşı deyildi...
Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır. O, həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. Həyat yollarında daim birgə addımlayır, çətinliklərə birgə sinə gərirdilər. Ulu Öndər deyirdi: “O, mənə sadəcə, ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.
Ailənin yükünü zərif çiyinlərində mətanətlə daşıyan Zərifə xanım Vətənə layiqli övladlar yetişdirib. Bu məqamda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşər: “Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər, əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq. 1970-ci illərdə - Heydər Əliyev Azərbaycanda birinci katib vəzifəsində işlədiyi dövrdə Heydər Əliyevin həyat yoldaşının müxtəlif imtiyazları və üstünlükləri ola bilərdi. Ancaq Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin - birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi”.

Rusiyalı professor: Mənim yetkin elmə gəlişim Zərifə xanımın sayəsində oldu
Görkəmli oftalmoloq-alim haqqında xatirələrini bölüşən Rusiyanın diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının rektoru, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Larisa Moşetova qeyd edib ki, Zərifə Əliyeva pasiyentlərə böyük sevgi və hörmətlə yanaşırdı. O əlavə edib: “Mən Zərifə xanımın bütün danışıqlarına məmnunluqla qulaq asır, onun ağır xəstəliyi pasiyentə çatdırmaq bacarığını, xəstələrə münasibətini görürdüm. O, mənim üçün çox şey edib. Mənim yetkin elmə gəlişim onun sayəsində olub. “Oftalmologiyanın nə olduğu”, “bu işlə necə məşğul olmaq və onu sevmək” məfhumlarını ondan öyrəndim. Çox təəssüf ki, o, indi bizimlə deyil, Zərifə xanım hələ çox işlər görə bilərdi. Lakin o, elə bir bünövrə qoyub gedib ki, ondan hələ bir çox gələcək nəsillər istifadə edəcək. Zərifə xanım bir çoxlarına həyata vəsiqə verən insandır və özündən sonra işıqlı xatirə qoyub”.

Zərifə xanım gənc həmkarlarına həmişə özünü xəstənin yerinə qoymağı tövsiyə edirdi
Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova görkəmli akademik Zərifə xanım Əliyeva haqqında danışarkən deyib: “Zərifə xanım öz sənətinə, peşəsinə olan vurğunluğunu tələbələrinə aşılamağı bacaran alim idi. Mənim oftalmologiya ixtisasını seçməyim də məhz onun aşıladığı bu məhəbbətin sayəsində olub. O, hər zaman bizə xəstələrə yaxın olmağı məsləhət görərdi. Həmişə deyirdi ki, xəstə ilə həkim arasındakı münasibət çox isti olmalıdır. Xəstə qətiyyən həkimin ondan uzaq olduğunu hiss etməməlidir, onların arasındakı məsafəni mümkün qədər yaxınlaşdırmaq lazımdır. Xəstə üz tutduğu həkimə öz doğması, ən yaxın adamı kimi baxmalı və ondan heç nəyi gizlətməməlidir. Zərifə xanım gənc həmkarlarına həmişə özünü xəstənin yerinə qoymağı və ona pənah gətirən, ümid yeri kimi baxan xəstənin ağrı və narahatlıqlarını hiss etməyi dönə-dönə tövsiyə edir, bu keyfiyyəti bizə də aşılayırdı. Məndən tez-tez soruşurlar ki, o nəyin sayəsində və xəstələrini necə müalicə edirdi ki, onlar tez sağalırdılar. Həmişə cavabım bir olur: Zərifə xanım xəstələrini öz ağlı, zəkası ilə müalicə edir, xarakteri ilə onlara dayaq olur və qayğıkeşliyi ilə dəstək göstərirdi”.

Milli Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın ideyalarının çiçək açması idi
Akademik milli oftalmologiyanın inkişafını Milli Oftalmologiya Mərkəzinin yaradılmasında görürdü. Yüksəkixtisaslı, öz ixtiraları ilə Avropada, dünyada tanınan mütəxəssis və kadrların yetişməsinə çalışır və həmişə milli kadrların peşə hazırlığını önə çəkirdi.
2009-cu ildə akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin yaradılması, ən yeni tibbi və diaqnostik aparatlarla təchiz edilməsi Zərifə xanımın ideyalarının çiçək açması idi. İndi Milli Oftalmologiya Mərkəzində gözün ön və arxa hissəsində ən son və müasir, dünyanın aparıcı oftalmoloji klinikalarında aparılan cərrahi əməliyyatlar uğurla yerinə yetirilir. Elə bunun nəticəsidir ki, göz xəstəliklərinin müayinəsi və əməliyyatların aparılması üçün Azərbaycana başqa ölkələrdən də çoxlu xəstələr müraciət edirlər.
2017-ci ildə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təsis edilməsi, dünyanın bir sıra ölkələrinin oftalmoloji cəmiyyətləri ilə sıx əlaqələrinin olması da böyük uğurdur.

Bu il 100 illik yubileyi qeyd olunan Zərifə xanım Əliyevanın zəngin irsi oftalmologiya elminin sirlərinə yiyələnməyə çalışan, bu yolda ilk addımlarını atan gənc həkimlərin yolunu bir mayak kimi işıqlandırır. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanımın açdığı cığırlar o yolda irəliləyən gəncləri peşəkarlıq zirvəsinə götürəcək, onun ideyaları Azərbaycanda oftalmoloq-alimlər ordusunun yetişməsinə vəsilə olacaq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.