ORDU
Qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir
Bakı, 29 mart, AZƏRTAC
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparılır. Dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf edir.
Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.