QARŞILIQLI ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
N.İbrahimov prezidentlər İlham Əliyev və Mixail Saakaşvili arasındakı dostluq münasibətlərinin iki ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə, xalqlarımızın bir-birinə yaxınlaşmasına stimul verdiyini bildirərək demişdir ki, bu, dövlət və hökumət strukturlarını daha sıx əməkdaşlığa sövq edir. Gürcüstanda yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərin tezliklə həll olunacağına inamını ifadə edən Komitənin sədri bu işdə Azərbaycan tərəfinin də Gürcüstana kömək etməyə hazır olduğunu söyləmişdir.
G.Xeviaşvili bildirmişdir ki, rəhbərlik etdiyi nazirlik hazırda dünyanın müxtəlif ölkələrində yaşayan gürcülərin təşkilatlanması istiqamətində də iş aparır, onların problemlərini və qayğılarını öyrənməyə çalışır. Dünya azərbaycanlılarının II Qurultayını maraqla izlədiyini bildirən qonaq demişdir ki, diaspor quruculuğu işində Azərbaycanın müəyyən təcrübəsi var. Biz bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlıq etməkdə maraqlıyıq. O, Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin problemlərinin həlli üçün hər iki ölkənin müvafiq hökumət strukturları arasında əməkdaşlığın zəruriliyini vurğulamışdır.