Qaxda “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb
Qax, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dekabrın 21-də Qax şəhərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən respublika yaradıcılıq festival və müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə rayon icra hakimiyyətinin, aidiyyəti müəssisə və təşkilatların rəhbər şəxsləri, müsabiqə qalibləri və onların valideynləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Ulu Öndərin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb, “Heydər Əliyev İli” çərçivəsində rayonda həyata keçirilən silsilə tədbirlər, festival, müsabiqə və sərgilər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, rayonun ümumi təhsil müəssisələrinin şagirdləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının final mərhələsində də uğurla iştirak edərək, müxtəlif nominasiyalar üzrə qalib gəliblər.
Çıxış edənlər festival qaliblərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Festival qaliblərindən Gülay Mütəllibova və Mələk Mehrablı çıxış edərək, Ulu Öndərin gənc nəslə olan diqqət və qayğısından danışıb, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında belə festival və müsabiqələrin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin sonunda festival və müsabiqələrdə fərqlənən yeniyetmə və gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.