Qaz İxrac Edən Ölkələr Forumu nazirlərinin görüşü başlayıb
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Qaz İxrac Edən Ölkələr Forumu (GECF) nazirlərinin 22-ci görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, onlayn formatda təşkil olunan iclasda təşkilata üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edir.
İclasda GECF nazirlər görüşünün prezidenti, Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri Abdelmadjid Attarın və Baş katib Yuri Sentyurin çıxış ediblər.
Tədbirdə Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela kimi GECF-ə üzv ölkələrlə yanaşı, müşahidəçi üzvlər Azərbaycan, İraq, Qazaxıstan, Malayziya, Norveç, Oman, Peru və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr də iştirak edirlər.