QAZ TƏCHİZATINI YAXŞILAŞDIRMAQ ÜÇÜN BÜTÜN ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Ölkədə ehtibarlı və fasiləsiz qaz təchizatını təmin etmək məqsədi ilə xeyli həcmdə əsaslı tikinti işləri görüldüyünü bildirən Ə.Məlikovun dediyinə görə, əhalinin mavi yanacaqla təmin edilməsi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırılsa da, sərf olunan mavi yanacağın dəyərinin yığımında azalma müşahidə olunur. Ötən il yeraltı qaz anbarlarına vurulan mavi yanacağın həcmi 1 milyard 25 milyon kubmetrə çatdırılmışdır. Bunun nəticəsidir ki, indiki qış mövsümündə hava şəraitinin pis olmasına baxmayaraq, mavi yanacaqla təchizatda ciddi problemlər yaranmamışdır. Eyni zamanda, “Azəriqaz” tərəfindən təhvil alınan qazın həcmi də 2004-cü illə müqayisədə 785 milyon kubmetr artırılaraq 4 milyard 963 milyon kubmetrə çatdırılmışdır.
Qaz sayğaclarının müəyyən olunmuş cədvəl üzrə quraşdırıldığını bildirən “Azəriqaz”ın rəhbəri demişdir ki, 2006-cı ildə ötən ildəkindən xeyli çox, 500 min abonentin sayğacla təmin olunması nəzərdə tutulmuşdur.
Sonda jurnalistlərin suallarını cavab verən Ə.Məlikov abonentlər tərəfindən qaz sayğaclarına müdaxilə hallarının olduğunu da bildirmişdir. Vətəndaşlar buna yol verməməli, sərf etdikləri mavi yanacağın pulunu müəyyən edilmiş qiymətlər əsasına ödəməlidirlər.