Qazax dilində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kitab çap olunacaq
Astana, 2 mart, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Beynəlxalq Türk Akademiyası tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyətlə bağlı ətraflı məlumatların, faktların və sənədlərin toplandığı yeni kitab çapa hazırlanır.
Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali AZƏRTAC-ın müxbirinə məlumat verib.
Akademiyanın rəhbəri qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən nüfuzlu alimlərin məqalələrinin yer aldığı kitabda Cümhuriyyətin o dövrdə Mərkəzi Asiyada mövcud olmuş muxtariyyətlərlə əlaqələrinə də yer veriləcək.
Darxan Kıdırali qeyd edib ki, qazax dilində indiyədək Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı dolğun məlumatların əks olunduğu bir mənbə yox idi. Ona görə də Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini əsas götürərək belə bir kitabın hazırlanmasına qərar verilib. Kitab may ayında Bakıda və Astanada təqdim olunacaq.
Bundan başqa, Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 illiyinə həsr olunan seminar da təşkil ediləcək. İyunun 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli isə bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May - Respublika Günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.
Darxan Kıdırali deyib ki, Beynəlxalq Türk Akademiyasının rəhbərliyi ilə 26 ölkədən 130 tədqiqatçının iştirakı ilə hazırlanan “Təhlükədəki türk dilləri” dördcildliyi bu il aprelin 30-da UNESCO-nun mənzil qərargahında təqdim olunacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana