MƏDƏNİYYƏT
Qazax teatrı yeni tamaşanın premyerasına hazırlaşır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 27-də Qazax Dövlət Dram Teatrında türkiyəli dramaturq Tuncər Cücənoğlunun “Dosya” əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Xəzər Gəncəli, quruluşçu rəssamı Aysan Məmmədovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova, Məlahət Vəliyeva, Zəmanə Dərviş, Yusif Qoca, Nəsimi Aşpazov, Xaqan Qurbanov və Aydın Orucov, Məmməd Hacəliyev ifa edəcəklər.
Teatrda cari ilin repertuar planından kənar uşaqlar üçün İsgəndər Coşqunun “Ana laylası” pyesi əsasında eyniadlı tamaşa da hazırlanır. Quruluşçu rejissoru Vüsal Məmmədov olan səhnə işi fevralın sonunda balaca tamaşaçıların ixtiyarına veriləcək.
Qazax Dövlət Dram Teatrı cari sənət mövsümü üçün plan üzrə 4 əsəri repertuarına daxil edib. Bunlar Əli Əmirlinin “Onun iki qabırğası” komediyasıdır. Tamaşaya teatrın baş rejissoru Əməkdar artist Musa Eyyubov quruluş verəcək. Həmçinin Braziliya yazıçı-dramaturq Gilyerme Fiqeyredunun “Ezop”, türkiyəli dramaturq Turqut Özakmanın “Adət” əsərləri Əməkdar artist Xəzər Gəncəlinin, gənc yazıçı Jalə İsmayılın “Ametis bəy və Apetit xanım” əsəri Qazaxa dəvət olunacaq Füzuli Dövlət Dram Teatrının rejissoru Nicat Mirzənin quruluşunda hazırlanacaq.