Qazaxda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
Qazax, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Qazax rayonunda silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, faciə ilə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında, ərazi icra nümayəndəliklərində anım mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müxtəlif müsabiqələr və idman yarışları təşkil edilib.
Yanvarın 20-də isə Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun rəhbər işçiləri, ictimaiyyətin, ağsaqqalların, ziyalıların nümayəndələri Şəhidlər xiyabanında qəhrəman vətən övladlarının məzarları önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.