Qazaxda arpa biçininə başlanılıb
Qazax, 26 iyun, Rauf Hacıyev, AZƏRTAC
Son illər ölkəmizdə kənd təsərrüfatının əsas istiqamətlərindən olan taxılçılığın inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə ehtiyacının ödənilməsində də mühüm rol oynayır. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, bir sıra tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, taxılçılığın ilbəil inkişafına səbəb olub. İndi respublikamızın digər rayonlarında olduğu kimi, Qazaxda da taxılçılığın inkişafına diqqət artırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayonda 11 min 395 hektarda taxıl əkilib. Bunun da 6916 hektarı buğda, 4479 hektarı arpadır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsində zəmilərdə bol məhsul yetişib.
Artıq iki gündür Qazax rayonunda arpa biçininə başlanılıb. Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb olunub.
Hazırda 4479 hektar arpa sahəsinin 262 hektarında biçin aparılıb. Qalan 4217 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.