QAZAXISTAN MSK ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ İLƏ RAZILAŞMIR
MSK-nın beynəlxalq münasibətlər şöbəsinin müdiri Marat Sarsembayev mətbuat konfransında demişdir: “Zənnimizcə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu nümayəndə heyətinin hesabatında təqdim olunan 24 tövsiyənin hamısı yerinə yetirilmişdir. Lakin ATƏT nümayəndələri bunun əksini sübut etməyə çalışırlar”.
O bildirmişdir ki, Qazaxıstan MSK bu ərəfədə ATƏT-ə arayış təqdim etmişdir. Arayışda əsaslandırılmış şəkildə göstərilmişdir ki, bütün tövsiyələr bu və ya digər dərəcədə yerinə yetirilmişdir. Sarsembayev demişdir: “Tövsiyələri yerinə yetirərkən 1990-cı il 29 iyun tarixli Kopenhagen sənədini rəhbər tutmuşuq”.
Onun fikrincə, ATƏT-in müşahidəçiləri öz tələblərini qeyri-obyektiv və qeyri-peşəkarcasına artırırlar. Nəticədə Qazaxıstan MSK ilə nümayəndə heyəti arasında anlaşılmazlıq yaranmışdır. Sarsembayev hesab edir ki, ATƏT-in müşahidəçiləri hadisələrə subyektiv qiymət verirlər, çünki onların ideologiyası Qazaxıstanda hakimiyyəti dəyişməkdən ibarətdir.