QAZAXISTAN PREZİDENTİNİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimdə Azərbaycanın Baş naziri Artur Rasizadənin başçılığı ilə nümayəndə heyəti, Rusiya, Ukrayna, Özbəkıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Xorvatiya və Gürcüstanın prezidentləri, Bolqarıstanın vitse-prezidenti, Rumıniyanın Baş naziri, Tatarıstan və Başqırdıstanın prezidentləri, BMT-nin, ATƏT-in və bir sıra beynəlxalq təşkilatlatların nümayəndələri, səfirlər, deputatlar, Nazarbayevin dostları iştirak etmişlər. Ümumiyyətlə, mərasimə dünya dövlətlərindən 80-dən artıq nümayəndə gəlmişdi.
Prezident Nursultan Nazarbayev əlini ölkə Konstitusiyasına qoyaraq and içmiş və demişdir ki, bundan sonra da Qazaxıstan xalqına layiqincə xidmət edəcək, əhalinin rifah halının daha da yaxşılaşmasına çalışacaqdır.
Ölkədə iqtisadi və siyasi sahədə aparılan islahatlardan danışan Prezident bildirmişdir ki, son illər iqtisadiyyata 40 milyard dollar sərmayə qoyulmuşdur. Qazaxıstanda 130-dan artıq xalq və millət, 40 dini konfessiyanın nümayəndələri birlik və sabitlik şəraitində yaşayırlar.
Ölkənin xarici siyasətindən danışan Qazaxıstanın dövlət başçısı Rusiya, Çin Xalq Respublikası, ABŞ, müsəlman dövlətləri, habelə qonşu Mərkəzi Asiya ölkələri və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir. O demişdir ki, Dünya Ticarət Təşkilatına üzv qəbul olunmaq xarici siyasətin əsas istiqamətlərindən biridir. Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrlik etməsi üçün məqsədyönlü iş aparılır.
Mərasimin sonunda Prezident N.Nazarbayev “Akorda” sarayının qarşısında hərbi paradı qəbul etmişdir.