QAZAXISTAN RESPUBLİKASININ SƏFİRLİYİNDƏ QƏBUL
Əvvəlcə Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Qazaxıstanın ölkəmizdəki səfiri Andar Şukputov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, 14 il əvvəl, dekabrın 16-da “Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” Qanun qəbul olunmuşdur. Qısa müddət ərzində Qazaxıstan dünya birliyində layiqli yer tutmuşdur. İndiyədək respublika 120 ölkə ilə diplomatik münasibətlər yaratmışdır. Qazaxıstanın Azərbaycanda səfirliyi bu ölkələr arasında birincilər sırasında açılmışdır. Əsası prezidentlər Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və mehriban qonşuluq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri məhz Qazaxıstana olmuşdur. Cari ilin mayında Prezident Nursultan Nazarbayev Azərbaycana cavab səfəri etmişdir.
Səfir dedi ki, dekabrın 4-də Qazaxıstanda prezident seçkiləri keçirilmişdir. Azərbaycan dövlətinin başçısı İlham Əliyev Nursultan Nazarbayevi yenidən ölkənin prezidenti seçilməsi münasibətilə birincilər sırasında təbrik etmişdir.
Milli Məslis sədrinin birinci müavini Ziyafət Əsgərov Nursultan Nazarbayevin prezident seçilməsi münasibətilə Qazaxıstan xalqını Prezident İlham Əliyevin adından təbrik etdi. O xatırlatdı ki, ölkələrimiz arasında tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf etdirilir. Prezidentlər Heydər Əliyevin və Nursultan Nazarbayevin səfərləri çərçivəsində ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq haqqında bir sıra sazişlər imzalanmışdır. Bu münasibətlər yüksələn xətlə inkişaf edir. Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini dəstəkləmiş və bu layihəyə qoşulmuşdur. Qazaxıstan Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir.
Qəbulda Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, siyasi partiyaların, kütləvi informasiya vasitələrinin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.